logo

Şəhidlərimiz

Fərid Zakir oğlu Mövsümov

Fərid Zakir oğlu Mövsümov 1987-ci il sentyabr ayının 19-da Göyçay şəhərində ziyalı ailəsində anadan olub. O çox istiqanlı, gülərüz, məğrur və ictimai işlərdə fəal iştirak edən gənc idi. Orta məktəbi bitirdikdən sonra  2005-2007-ci illərdə Tərtər istiqamətində N saylı  hərbi  hissədə həqiqi hərbi xidmətdə olub. Xidmətdən qayıtdıqdan sonra bir müddət Bakıda, sonra Rusiyada, sonra isə Göyçayın özündə müxtəlif işlərdə işləyib.

Fəridin atası, Mövsümov Zakir Qaflan oğlu 25 il Göyçay rayon polis şöbəsində işləyib. Birinci Qarabağ müharibəsində polis işçisi kimi aktiv iştirak edib, döyüşlərin birində mühasirəyə düşsə də sağ qalmağı bacarıb. 2008-ci ildə o, onkoloji xəstəlikdən dünyasını dəyişib. Anası Süleymanova Rəfiqə Əlibala qızı 25 il Göyçayda 3 nömrəli məktəbdə müəllimə işləyib və 2010-cu ildə o da onkoloji xəstəlikdən dünyasını dəyişib. Fəridin özündən böyük bir bacısı və bir qardaşı var. Azərbaycanda universitetə qəbul olsa da valideyinləri və maddi imkanı olmadığına görə universitet təhsilini ala bilməyib. Sonradan 2019-cu ildə Fərid Moskva Humanitar Universiteti Mahaçqala filialının Hüquq fakultəsinə qəbul olub. Maddi çətinliklərə görə bu təhsilni də yarımçıq qoyaraq Azərbaycana  qayıtmalı olmuşdur.

İllər ərzində ermənlərin Azərbaycana qarşı törətdiyi təxribatlar və  son olaraq Tovuz döyüşləri xalqımızın hər nümayəndəsi kimi, Fəridin də qəlbində dərin yaralar açmış, qisas hissini alovlandırmışdı. Vətənpərvər gənc kimi Fərid də orduda iştirak üçün könüllü müraciət etmişdir. Beləliklə, hər zaman qəlbi Qarabağ arzusu ilə yanan Şəhidimiz öz arzusuna daha da yaxınlaşmışdır.

Sentyabr ayının 27-si Ali Baş Komandanımızın əmri ilə Ikinci Qarabağ Müharibəsi başlamış və qismən səfərbərlik elan olunmuşdur. Fərid qismən səfərbərliyin ikinci mərhələsində, yəni oktyabr ayının 5-də  orduya qatılmışdır. Oktyabr ayının 16-da Füzuli istiqamətində öz istəyilə, Xüsusi Təyinatlılara qoşularaq birbaşa döyüş gedən əraziyə yollanmışdır. Həmin gün də yanlarına düşən qrad mərmisinin qəlpələrindən aldığı xəsarət nəticəsində şəhidlik zirvəsinə yüksəlmişdir. Nəşi neytral ərazidən götürüldükdən sonra, oktyabr ayının 30-u  Göyçayda şəhidlər xiyabanında dəfn edilmişdir.

AZ EN RU